Müğənni İradə İbrahimova bu gün media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, Türkiyədə yaşayan və ötən gün vətənə gələn ifaçı yeni klipini təqdim edib. “Seneler” (“İllər”) adlı mahnıya çəkilən klipin rejissoru Gülşən Aybabadır. İfaçı ekran işində klassik görünüşlü bir evdə keçmiş xatirələrini yada salan xanımı canlandırıb.
Bəstənin sözləri İsra Gülümsərə, musiqisi Henreyə, aranjimanı isə Tolqa Çelikə məxsudur.
Yeniliklərindən danışan İ.İbrahimova bunları deyib:
“Dörd il fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim. Beş mahnı hazırlamışam. Burada Sərdar Ortaç, Şəhrazat kimi məşhurların bəstələri yer alır”.
İ.İbrahimova daha bir mahnısını ekranlaşdırdığını bildirib. “Olmamalıydı” adlı mahnıya çəkilən klip yaxın günlərdə işıq üzü görəcək.
Foto: Rəşad ABBASOV