“Ərim üç ildir toylara getməyə qoymur”

“Ərim üç ildir toylara getməyə qoymur”
13235 dəfə oxunub
  • A-
  • A
  • A+

Muğam müsabiqəsindən tanıdığımız Bəyimxanım Mirzəyeva ailəni sənətə qurban vermək istəmir

Bəyimxanım Mirzəyeva Azərbaycan muğam sənətində yeni səs, yeni nəfəs olsa da çox tez məşhurlaşdı. Tanınmış sənət adamları, muğam ustaları xanım xanəndə haqda xoş sözlər deyiblər, onun muğam sahəsində daha böyük uğurlar əldə edəcəyinə əminliklərini bildiriblər.

Çoxları Bəyimxanım xanımın bu templə gedəcəyi təqdirdə daha böyük uğurlara imza atacağını gözləyirdi. Amma o, səhnədən, efirlərdən qəfildən “qeyb oldu”. Üç ildən çoxdur ki, özü görünmür, yalnız səsi gəlir. Niyə? Bu sualı Bəyimxanımın özünə verdik.

- Bəyimxanım xanım, ayrı suallarım da olacaq. Amma qatıldığınız muğam yarışmasından başlayaq...

- 2005-ci il muğam yarışmasında iştirak etmişəm. O zaman mən 5 həftədən sonra yarışmanı tərk etdim. Amma münsiflər və tamaşaçılar buna etiraz etdi. Və yenidən yarışmanı tərk edənlərin seçimi oldu. Özü də SMS-lə. Və mən bu səsvermədə qalib olaraq yarışmaya yenidən qatıldım. Həmin muğam yarışmasında 5-ci yeri tutdum. O yarışmaya qədər elə də tanınmırdım, məni yalnız musiqiçilər arasında tanıyırdılar.

-  Bəyimxanım niyə neçə vaxtdır gündəmdə deyil? Unudulmaqdan qorxmurmu?

- Mən real iş görməyi sevirəm. Danışmağı sevmirəm. Yeni mahnılarım radiolarda səslənir. Gündəmdə qalmaq üçün daha nə etmək lazımdır ki?!

- Məsələn, başqa populyar müğənnilər kimi toylara getmək...

- Xeyr, xeyr. Toylara getmirəm. Yoldaşım qoymur.

- Neçə ildir bu qadağa var?

- 3 ildir.

- Əvvəllər heç olmasa toylara getmisinizmi?

-  Əlbəttə, getmişəm. Ərə getdikdən, ailə həyatı qurduqdan sonra isə həyat yoldaşım toylara getməyimə qadağa qoyub.

- Sirr deyilsə, toylara neçəyə gedirdiniz?

-  Məclislərdən asılı idi. Məsələn, elə toy var idi ki, yarım saat oxumağa 500 manat, bir saata görə isə 1000 manat alırdım. Elə toy var idi ki, qiymət demirdim. Amma onu deyim ki, mən həmişə yüksək qonorar alırdım.

- Bəzi xanım müğənnilər “ailəmi sənətimə qurban” verdim deyirlər. Səncə, niyə?

- Başqalarını deyə bilmərəm, mənim üçün əsas önəmli olan ailəmdir. Ailəni sənətə necə qurban vermək olar?! Bu, öz ailə uğursuzluqlarını etiraf edə bilməyənlərin fikridir.

- Deputat, professor Nizami Cəfərov açıqlamalarının birində deyib ki, “İlhamə Quliyeva o qədər darıxır ki, özü-özünə ad verir”... Bu fikri bölüşürsünüzmü?

- İlhamə Quliyevaya böyük hörmətim var. Normal münasibətdəyik. Salam-sağ ol. Hətta İlhamə xanım mənim toyumda da iştirak edib. Mən dəqiq bilmədiyim şeyi necə deyə bilərəm?!

-  İlhamə Quliyeva haqda danışmağa qorxub-çəkindiniz deyəsən...

- Xeyr.

- Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50 min manat cərimələndi. Hətta məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar da çıxarıb. Sizcə, bu qərar haqlıdır?

- Mən bu haqda heç nə deyə bilmərəm.

- Digər xalq artistləri Faiq Ağayevlə Flora Kərimova arasında da gərginlik yaranıb. Gərginliyə Flora Kərimovanın müsahibəsində “Faiq Ağayev geydir, o, necə siyasətə gələ bilər” deməsi səbəb olub...

- Faiq Ağayevin sənətkarlığına və insanlığına söz ola bilməz. İncəsənət nümayəndələrindən kimsə siyasətə gəlirsə, bu, onun şəxsi məsələsidir. Amma hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.

- Rəqsanə ilə münasibətiniz necədir?

- Normaldır.

- Sənin “Yollara yağış yağır” mahnından sonra bir az gərginlik yaranmışdı...

- “Yollara yağış yağır” mahnısının sözləri Sona Vəliyevaya, musiqisi isə Ruslan Səfəroğluna aiddir. Bu mahnını ifa etmək üçün 5 müğənniyə təklif olunmuşdu. Hətta onların içində Rəqsanə və səhv etmirəmsə, Mətanət xanım da (İsgəndərli-red.) var idi. Amma sonra mən oxuyası oldum.

- Mahnı bəlli. Bəs kitab oxuyursunuzmu?

- 3 ildi kitab oxumuram. Ailə, uşaq, ev-eşik... Vallah, vaxt tapmaq olmur...

Virtualaz.org