“Nəinki Azərbaycanda, heç ölkədən kənarda da rəqibim yoxdur” – Nigar İbrahimova

“Nəinki Azərbaycanda, heç ölkədən kənarda da rəqibim yoxdur” –  Nigar İbrahimova
8175 dəfə oxunub
  • A-
  • A
  • A+

O, Azərbaycanın ən sayılıb-seçilən vizajistlərindəndir. Dəb, gözəllik, ən əsası “İN studio” deyəndə ağla ilk olaraq onun adı gəlir: Nigar İbrahimova. Hər zaman makiyajdan danışan Nigar bu dəfə şəxsi həyatından da söz açdı. Amma təbii ki, o, xanımlarımıza yeni mövsümlə bağlı dəyərli məsləhətlərini də verməyi unutmayıb. 

- Artıq yay mövsümünü geridə qoyduq. Qarşıdan yağışlı payız gəlir. Bu mövsümdə nələr dəbdə olacaq?

-  2013-cü ilin yay dəbi daha rəngarənglik tələb edirdi. Payız rəngləri də bundan seçilməyəcək. Əsasən açıq yaşıl, şabalıdı, sarı çalarlar üstünlük təşkil edəcək. Bu, soyuq havada əhvalı yüksək tutmaq üçün ən yaxşı vasitədir.

- Bəzən xanımlar gündəlik həyatda da tonal kremdən çox istifadə edirlər. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, gecə və gündüz makiyajı edərkən nələrə diqqət yetirilməlidir?

- 20-35 yaş arası xanımlar istədikləri qədər parıltılı göz kölgələrindən istifadə edə bilərlər. Laynerlər hər zaman dəbdədir. İstənilən göz quruluşuna sahib olan xanımlar layner istifadə etməkdə azaddırlar.  Gözləri tez yaşaran, qızaran, allergiyası olan xanımlara isə qara göz qələmindən istifadə etmək məsləhət görülür. Bəzən xanımlar tonal kremdən çox istifadə etmək məcburiyyətində qalırlar. Dəridə olan problemlər onları buna vadar edir. Xanımlara payız mövsümündə bronz tonal kremdən istifadə etmələrini məsləhət görürəm.

Qüsurlu dərilərə isti havada qulluq mütləqdir. Bu, qüsurların aradan qaldırılması və soyuq havada  dərinin daha sağlam olması deməkdir.

- Xanımlara hazır satılan kimyəvi tərkibli, yoxsa ev şəraitində təbii vasitələrlə hazırlanan maskalardan istifadə etməyi məsləhət görürsünüz?

- İşimlə əlaqədar bütün kimyəvi tərkibli maskalardan istifadə edirəm. Amma fikrimcə, evdə hazırlanan təbii maska daha üstündür. Həftədə ən çox üç dəfə ev şəraitində maska edib üzə vurmaq dəridəki problemi 50 faiz azaldar. Bu maskalar ölü dərini təmizləyir, makiyajın üzə daha rahat oturmasına kömək edir.

Xanımlarımıza adi ev şəraitində bir maska və losyon məsləhət görürəm. Bunlardan hər ikisi üzə təravət, parıltı verəcək.

Losyon:

Cəfərini ətçəkən maşından keçirib şirəsini çıxardın. 50 qr. cəfəri suyuna 50 qr. spirt, 50 qr. limon şirəsi əlavə edin, gündə bir dəfə üzü bu losyonla silin.

Maska:

2 xörək qaşığı süzməyə yarım limon sıxın, üzərinə 1 xörək qaşığı zeytun yağı və cəfərinin əzilmiş formasını əlavə edin. Üz dəriniz qurudursa, yumurta sarısı, yağlıdırsa, yumurtanın ağını alınan  məhsula qatın. Həftənin hər günü və ya bir gündən bir bu maskadan istifadə edilərsə, dəriyə nəmləndirici effekt verəcək. Bu zaman makiyaj da üzdə qalıcı olacaq.

- Çox pozitiv xanımsız, sizə tək vizajist yox, psixoloq da deyə bilərik...

- Hər bir uğursuzluqla barışıram. Pessimistliyə qapılmıram, həvəssiz olmuram. Xanım narahat olanda bu onun ətrafına, ailəsinə təsir edir. Mən yüksək əhvalda olmalıyam ki, qarşımdakı müştəridə də müsbət aura yaradım.

- Bu gün saysız -hesabsız vizajistlərimiz var. Onların arasında kimi özünüzə rəqib görürsünüz?

- Nəinki Azərbaycanda, heç ölkədən kənarda da rəqibim yoxdur. Ona görə yox ki, mən bu işin məktəbini oxumuşam. Əgər fasiləsiz tələb olunuramsa, 12 ildir istirahətsiz çalışıramsa, deməli, mən sözünü demiş vizajistəm. O qədər işim var ki, kimdənsə üstün olduğumu düşünməyə vaxtım yoxdur. Əgər bir gün görsəm ki, mənə tələbat yoxdur, onda rəqibim olduğunu düşünərəm. 26 yaşımda 60 tələbəm var idi. Bu gün onlar sözükeçən məkanlarda tanınırlar. Heç vaxt tələbələrimdən nəyisə gizlətmədim, bildiyim hər şeyi onlara öyrətdim. İndi 104  tələbəm var, hamısına imzaladığım sertifikat vermişəm. Əgər rəqabət haqqqında düşünsəydim, onları hazırlamazdım.

- Heç bu həyat tərzindən şikayətləndiyiniz an olub?

- Bəzən düşünürəm ki, bu qədər güclü olmaq istəməzdim. Qadının qadın işi var. Xanım evində oturar, özünə qulluq edər. Dırnaqlarıma manikür belə etdirməyə vaxt tapmadığım anlar olur. İnsanlara aşırı dərəcədə enerji verirəm.

- Ən çox hansı məşhurlarla işləyirsiniz?

- Bacım İradə İbrahimova, xalq artisti Nazpəri Dostəliyeva, Natavan Həbibi, Elnarə Xəlilova, Samirə Allahverdiyeva, Nərgiz Cəlilova və bir çoxları ilə çalışıram.

- Onlar arasında ən kaprizlisi hansıdır?

- Çalışdığım müğənnilərin hamısı düşüncəmə yaxın insanlardır. Ən kaprizli müğənni belə mənim əl işimi bəyənir və razı qalır. Bircə Nazpəri xanım azca müdaxilə edir. Onun özünəməxsus layner çəkmək üsulu var. Ona görə də bir az dəyişiklik edir.

- Tanınmışlar arasında imicini bəyənmədiyiniz və onda fərqli stil yaratmaq istədikləriniz var?

- Əlbəttə var. Hətta hansısa məclisdə görəndə demişəm ki, vaxtın olanda yanıma gələrsən. Elə müğənnilərimiz çoxdur, mən sənətçilərə qiymət demirəm, onlarla təmənnasız belə işləyirəm. Çünki bacım ifaçı olub və onların həyat tərzinə bələdəm.

- Nigar İbrahimova bahalı vizajistdir?

- Bahalı səslənirəm. Oxuduğum məktəb və göstərdiyim xidmət müqabilində istədiyim qiymət heç nədir. Əgər biri gəlib imkanı olmadığını deyirsə, mən ondan qiymətin 50 faizini alıram. Pulu az olanla çox olan arasında ayrıseçkilik etmirəm. Buna görə də Allah ruzimi yetirir. İndiyə qədər heç vaxt saç düzümü etməmişəm. Mən yalnız vizajistəm. İkisini bir arada etmək mükəmməllik deyil, bu, şablondur. Bu cür stilistləri də bəyənmirəm.

- “İN studio” gözəllik salonu həm də bacınız İradə İbrahimovanın adı ilə bağlıdır. Gəlirinizi də yarı bölürsünüz?

- Salonun adında İradənin “İ”si olsa da,  buradan ona heç bir xeyir vermirəm. Hətta Bakıya gələndə salonda xidmətlərdən istifadə edərkən ustaların haqqını ödəyir.

- Yeri gəlmişkən, İradə İbrahimovanın geri qayıdıb yeniliklər etmək fikri yoxdur?

- Yeni mahnılar hazırlayır. Sevənlərinin qarşısına əlidolu gəlmək istəyir.

- Bacılarınızın hamısı ailəlidir. Bəs siz nə vaxt nikah masasına oturacaqsınız?

- Bu il ailə quracağam. Bu işdə çox ciddiyəm. Əgər həyatımı biri ilə birləşdirirəmsə, bu ömür boyu davam etməlidir. Ən zəif yerim şəxsi həyatımdır. Onu mükəmməl qurmalıyam. Hər zaman deyirəm ki, çoxları risk edib mənə yaxınlaşmır. Deyirlər, bu xanım bahalı maşın sürür, bizi bəyənməz. Amma mənim üçün əsas xasiyyət kişi qeyrətidir. Aciz, ana-ata sözü ilə oturub-duran oğlanlar var. Belələri ilə üzləşmək istəmirəm. Qarşıma qoyduğum məqsəd var: Sən uduza və heç bir kişi qarşısında asan təslim ola bilməzsən. Bugünkü Nigari qəbul edən biri var. Seçdiyim və həyatımı birləşdirməyi düşündüyüm həmin insan məni metro ilə gedib-gələn vaxtımdan tanıyır. Onunla fikirlərimiz üst-üstə düşür.

Zəhra ƏHMƏDOVA

Foto: Bəhruz ƏLİZADƏ