“Atamın mənə aldığı “07”ni Tərlan Əhmədova hədiyyə etdilər" - Təranə

“Atamın mənə aldığı “07”ni Tərlan Əhmədova hədiyyə etdilər" - Təranə
5057 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova "Çempion" qəzetinin "İncəsənət" rubrikasının qonağı olub. Axşam.az saytı həmin müsahibəni təqdim edir.

“40-ı oğlan idi, 41-ci mən…”

- Başlayaq idmana olan marağınızdan. İdman sizin həyatınızda hansı yeri tutur və peşəkar və ya qeyri-peşəkar şəkildə hansı idman növləri ilə məşğul olmusunuz?

- Uşaqlıq illərində məndə idmana marağı atam yaradıb. Atam mənim oğlan doğulmağımı istədiyi üçün belə idi. 9-10 yaşlarımda məni karateyə göndərmişdi. Yadımdadır ki, ora gedəndə 40 nəfər oğlan idi, 41-ci isə mən… Amma bu uzun sürmədi. Çünki valideynlər övladlarını bir az çoxşaxəli görmək istəyirlər. Eyni zamanda məni musiqi məktəbinə qoymuşdular. Məkbətdə də əlaçı idim və təqaüd alırdım. Bütün bunlarla yanaşı, karate ilə də məşğul olurdum. Amma sonra 14 yaşım olanda atamı itirdim. Onun arzusunu həyatda keçirməyə çalışmışam. 16 yaşımdan 18 yaşıma kimi iki il üzgüçülüklə məşğul olmuşam. Amma sonra yaradıcılıq sahəsinə keçdiyim üçün vaxt azaldı və bir az uzaqlaşdım. Ondan sonra çəkim artdı. Müəyyən müddət keçdikdən və yetərincə tanındıqdan sonra bu çəkilər məni artıq narahat etməyə başladı. 2012-ci ildən yenidən idmanla məşğul olmağa başladım. Onda Kamil Zeynallının yanına gedirdim. Amma sözün açığı, onun yanında nəticə əldə edə bilmirdim. 2013-cü ildə isə indi birgə məşq etdiyim məşqçim Ceyhun Vəliyevi tanıdım. Poverliftinq üzrə üçqat dünya çempionudur. Nəticə əldə edirəm və davam edirəm.

- Futbola marağınız necədir? Bir müddət bundan öncə şou-biznes nümayəndələri arasında baş tutan oyunda siz də iştirak etmişdiniz…

- Bəli, bir dəfə belə oyun baş tutmuşdu. “Şəfa” stadionunda Ramal Əsədzadənin təşəbbüsü ilə keçirilmişdi. Maraqlı alınmışdı. Futbol haqqında anlayışım var. Bəlkə işim az olsaydı futbola çox vaxt ayırardım. Mən 1998-ci ildə yatmayıb Fransadakı dünya çempionatının oyunlarına baxırdım. Amma bütün futbolçuları bir-bir tanıyaraq beynimi yükləmək istəmirəm. Ümumi məlumata sahibəm.

- Həmin oyunda “Fənərbağça” forması ilə çıxış edirdiniz. “Sarı-lacivərdlilər”in azarkeşisiniz?

- İnanırsınız ki, bu, təsadüfən olmuşdu? Dostum Pərviz Əsgərov “Fənərbağça” azarkeşidir. Elə oldu ki, həmin gün yağış yağmağa başladı. Başqa forma geyinməli idim, amma yağışa görə alınmadı. Mən də düşündüm necə edim? Pərvizdən kömək istədim, o mənə “Fənərbağça” formasını verdi. Stadiona gəldim, qırğın düşdü. “Qalatasaray”lılar məndən kənarda gəzirdilər. Amma sırf azarkeşlik etdiyim komanda, doğrudan da, yoxdur.

“Tərlan Əhmədov məni tanımasa da, indiyə kimi inciklik var”

- Dünya çempionatına baxanda da azarkeşlik etdiyiniz komanda yox idi?

- 2002-ci ildə keçirilən dünya çempionatına Türkiyəyə görə baxırdım. Amma 1998-ci ildə daha çox maraqlandığım üçün baxırdım. Fransanın qalib olması yadımdadır. Niyə yadımda qalıb, çünki Braziliyanın qalib gələcəyinə inanırdım. Braziliyalılar futbolda daha çox tanındıqları üçün elə düşünürdüm. Mən keçən il Bakıda keçiriləcəyi deyilən “Qalatasaray” — “Fənərbağça” oyununa bilet almağa hazırlaşırdım. Təəssüf ki, həmin oyun burada keçirilmədi. Türkiyədən də hərdən dostlarım dəvət edirlər.

- Tribunadan canlı izlədəyiniz oyun olubmu?

- Bəli, olub. Vaxtilə, 90-cı illərdə atam Nizami Səmədov “Turan”ın himayədarlarından idi. Vidadi Əhmədovla atam birgə işləyirdi. Tərlan Əhmədovu atam komandaya gətirmişdi. Hətta yadımdadır ki, atam mənim adıma “07” markalı maşın almışdı. Amma sonradan onu Tərlan Əhmədova hədiyyə etdilər. Tərlan Əhmədov məni tanımasa da, indiyə kimi inciklik var (gülür). İndi məşqçi olmasından da xəbərim var. Hətta bu yaxınlarda bizim uşaqlar “pleystation”da futbol oynayırdılar. Biri rəqib yox, öz qapısına tərəf gedirdi. Qayıtdılar ki, bu kimdir, Tərlan Əhmədovdur? O da yadımdadır ki, Əhmədov millidə öz qapımıza qol vurub. Həmin vaxtlar “Turan”ın oyunlarına gedib tribunadan baxırdım. Təbii ki, “Turan”a azarkeşlik edirdim.

- Bəs ölkə xaricində hansısa oyunu izləmisinizmi?

- Yalan deyə bilmərəm, ölkə xaricində olmayıb. Bu yaxınlarda Sevda Yəhyayeva, Zamiq və başqa uşaqlar gedirdilər. Mən də onlara qoşulub getmək istəmişəm. Sadəcə olaraq, vaxt sıxlığından çatdıra bilməmişəm. Mən hətta zala idmana gedəndə sevinirəm ki, artıq bunu həyat tərzimə çevirmişəm.
 
“Futbolçularımız tənqidlərdən qorxmasalar, daha çox inkişaf gedər”

- Bizdə idman və şou-biznes nümayəndələri heç də yaxın sayılmırlar. Bu nədən qaynaqlanır?

- Mən böyük məmnuniyyətlə istəyərdim ki, əlaqələr geniş olsun. Bizdə idmanın inkişafı çox normal gedir. İdman sahəsinə daha çox hörmət var, nəinki şou-biznesə. İdmançılarımız nəzarət altındadırlar. Bir də son zamanlar bəzi insanlar tanınmaq üçün sənətdən başqa şeylərlə ön plana çıxmağa çalışırlar. Yaxşı, keyfiyyətli işlərlə tanınmaq lazımdır. Mən sənətdə idmançıları görəndə sevinirəm. Hətta Abbas Bağırovun klipi var idi. Təkcə futbol yox, bir çox idman növlərini birləşdirmişdi. Düzdür, qaynayıb-qarışmaq yoxdur. Nəsə olsa mən də cəhd edərəm. Amma hələ ona uyğun nəsə görməmişəm. Ola bilər ki, futbolçu çox tanınmaq istəmir. Bundan da irəli gələ bilər.

- Tanıdığınız futbolçulardan hansılarının adlarını çəkə bilərsiniz?

- Aslan Kərimovu tanıyırdım. “Qarabağ”dakı çıxışı ilə. İndi məşqçi işləməyindən xəbərdaram. Samir Əliyev var idi. Yığmadakı oyunundan tanıyıram. Amma indi xəbərim yoxdur haradadır. Həmin dövrün futbolçuları artıq keçib gedirlər. İndi məşqçi işləyirlər. Mən gecikirəm. İndiki cavan futbolçulardan tanıdıqlarım yoxdur. Futbolçunun normal tanınmağı vacibdir. Transfer üçün tanınmaq şərtdir. Bəlkə də, kənarda gəzib çox gözə girmək istəmirlər. Bəlkə də, futbolçuların tanınmaları üçün kifayət qədər menecer işi yoxdur. Futbolçularımız özlərindən əmin çıxıb danışa bilsələr və tənqidlərdən qorxmasalar, daha çox inkişaf gedər.

- Tovuz futbolu heç də əvvəlki əzəmətində deyil. Burada da əsas problem maddi məsələlərdir. Siz bir tovuzlu kimi, “Turan”ın əvvəlki əzəmətini qaytarmaq üçün nə edərdiniz?

- Mən tovuzlu kimi, onlar üçün əlimdən gələni əsirgəmərəm. Amma mən heç vaxt idman sahəsində işləməmişəm. Nəsə sponsor tapmaq olar və ya hər hansı bir işbirliyinə nail olmaq mümkündür. Sözün açığı, mən bu barədə heç maraqlanmamışam. Tovuzun son vaxtlardakı durumuna nəzər salsaq, heç mənə ehtiyacları yoxdur. Çox imkanlı şəxslər çıxır.

- Vaxtilə komandaya sahib duranlar var idi. Amma indi imkanlı şəxslərdən heç biri komandaya yaxın durmaq istəmir…

- Gərək tovuzluları bir az silkələyim ki, yaxın durun. Yaxın durmasalar məcbur özüm yiyə duracağam (gülür). Əslində normal iş görmək üçün oraya normal maddi sərmayə yatırmaq lazımdır. Təkcə pul buraxmaqla iş bitmir. Hər şeyə nəzarət etmək lazımdır. Bunun mətbuatda yaxşı təbliğ edilməsi də vacibdir. Oyunçuların həyat tərzinə qədər hər şeyə nazərət edə bilən insan lazımdır. Məni böyük sual altında buraxdınız.
 
“Milliləşdirilmiş idmançılar Azərbaycanı təmsil edirlər deyə onlara azarkeşlik edə bilmərəm”

- Futboldan başqa digər millilərimiz barədə nə deyə bilərsiniz?

- Ümumi mənada məlumatım var. Voleybol, güləş, taekvondo, gimnastika federasiyalarının gördüyü işlərdən xəbərdaram. Bu yaxınlarda gimnastika ilə maraqlanmışam. Öz qızımı aparıb ora yazdırmaq istəyirəm. Mən bütün federasiyalarımıza uğurlar arzulayıram. Həmişə onların öz sahələri üzrə öndə olmalarını istəyirəm. Nə qədər irəlidə olsaq, hamımız üçün fəxrdir. Olimpiya oyunları zamanı mənə bir az ağır gələn hal oldu. Qış Olimpiya Oyunlarında iştirak edən idmançıların sırasında azərbaycanlı yox idi. Bu mənə çox pis təsir edir. Həmin insanlar Azərbaycanı təmsil edirlər deyə onlara azarkeşlik edə bilmərəm. Baxıb deyirdim ki, hansısa qiymətə alınmış legionerdir də. Mən belə şeylərə əsəbiləşirəm. Bəlkə də, bu fikirlərim kiminsə xoşuna gəlməyəcək. Kim bilir, bəlkə də, idmançı yetişdirmək üçün hər il nə qədər pul ayrılır. Heç kimin qarşısını almaq lazım deyil. Gələcəyimiz üçün iş görməliyik.

- Bu yaxınlarda açıqlamalarınızın birində “İctimai” televiziyanın aparıcısı Kamran Quliyevlə Kamran Ağayevi qarışdırmışdınız…

- Heç özüm də bilmədim necə oldu. Mən Kamran Ağayevi tanıyıram. Amma salam, sağ olumuz yoxdur. Həmin anda necə oldusa çaşıb onun adını dedim. Sonra da Kamran Quliyev mənə zəng edib dedi ki, çıxışın efirə elə gedib.