Eldar Qasımov: “Hisslərim oyaqdır, sevdiyim qız var"

Eldar Qasımov: “Hisslərim oyaqdır, sevdiyim qız var"
2160 dəfə oxunub
  • A-
  • A
  • A+

Eldar Qasımovun xarici görünüşünə baxanda az yediyini, pəhriz saxladığını, qida zövqünün tamam fərqli, yəni fast-foodla zəngin, Avropaya meyilli və hətta yeməklə heç maraqlanmadığını düşünürsən. Eldarın qida mədəniyyəti və zövqü ilə bağlı təsəvvürlər reallıqla nə dərəcədə üst-üstə düşür? Onun masasında nələr olmalıdır?

Axşam.az Eldar Qasımovun formaggio.az saytına müsahibəsini təqdim edir.
 
-Yeməklə aran necədir?

- Çox yaxşıdır (gülür), amma mən həmişə kamera qarşısında oluram və buna görə də özümü formada saxlamalıyam.
 
-Xaricdə çox olmusan, hansı mətbəxi daha çox bəyənirsən?

- İtaliya mətbəxi gözəldi. Pizzadan çox xoşum gəlir. Sözsüz ki, mənim üçün ən birinci yerdə Azərbaycan mətbəxi durur. Bizim yeməklərdən doymaq olmur. Dolmanın hər növünü, xüsusən də yarpaq dolmasını bəyənirəm. Hətta təyyarə ilə uçanda da əgər menyuda dolma varsa, ancaq onu sifariş verirəm.
 
- Qurmansan?

-Yox, sadəcə, çox yeyənəm (gülür). Elə yeməklər də var ki, onları özüm bişirməyə çalışıram.
 
- Sən yemək də bişirə bilirsən?

- Əlbəttə... Yemək bişirməyi çox sevirəm. Aş bişirirəm, dolma bükürəm. Düz 1 ilə yaxındır ki, aşpazlıqla məşğul oluram. Etiraf edim ki, bu proses əsəblərimi çox sakitləşdirir. Bir də qab yumaq məni rahatladır. Evimə qabyuyan maşın almıram, çünkü bilirəm ki, əhvalım pis olan kimi mütləq ya qab yumalıyam, ya da ki, yemək bişirməliyəm.
 
- Eldar nə vaxt yemək yeyə bilmir?

- Eşqə düşəndə (gülür). Sevəndə boğazımdan bir loxma belə keçmir. Yemək yeməyəndə, ya da ki, iştaham olmayanda, nənəm yaxınlaşır və gülə-gülə soruşur: “Nədi ? Yenə vurulmusan?” (gülür.)
 
- Axır vaxtlar jurnalistlər sənin şəxsi həyatınla yaman maraqlanırlar. Sirr deyilsə, sevgilin varmı?

- (gülümsəyir... və bir qədər düşündükdən sonra)

Bilirsiniz, səhnə adamları çox tez vurulur, tez də ayrılırlar. Hazırda hisslərim oyaqdır (gülür).
Sizə etiraf edirəm: bəli, hazırda sevdiyim qız var və əfsuslar olsun ki, o, yemək bişirə bilmir. Bu, mənim üçün vacib deyil; özüm bişirirəm. Ev işlərini də bölərik: mən əsəbi olmayanda qabları o yuyar.
 
- Restorana gedəndə ilk növbədə nə sifariş edirsən?

- Adi su. Masanın üstündə hər zaman adi su olmalıdır. Ondan sonra menyuya nəzər salır, salatlar, şorbalar, isti yeməklər sifariş verirəm.
 
- Heç bəyənmədiyin yemək...

- Heç vaxt beyin yemərəm. Bir dəfə babam xaş bişirirdi; bu proses düz 3 gün davam elədi. Evdə iydən dayana bilmirdim. Dadına baxandan sonra dilim-dodağım bir-birinə yapışdı. Ondan sonra mən heç vaxt xaş yemədim. Cız-bızın dadını isə heç bilmirəm.

- Restoranda menyuda yeməyin adını bəyənib, sifariş eləmisən, amma yeməyi gətirəndə şoka düşmüsən. Belə bir hadisə ilə rastlaşmısanmı?

- 2004-cü ildə ilk dəfə Moskvaya getmişdim. Uşaqlarla Çin restoranında şam etməyə qərar verdik. Dəniz məhsullarından ibarət olan bir yeməyin adı mənə maraqlı gəldi; düşündüm ki, dadı da pis olmaz. 15 dəqiqə sonra ağzım, iç-içalatım yanırdı, hətta nəfəs belə ala bilmirdim. O gündən sonra sifariş edəndə yeməyin tərkibini mütləq öyrənirəm ki, bir də belə hal yaşamayım.
 
 
- Ananın bişirdiyi hansı yeməyi çox sevirsən?

- Ən sevdiyim, uşaqlıqdan dadı damağımda qalan pomidor-yumurta çığırtmasıdır. Çölə çıxmayanda soğanla yeməyi çox xoşlayıram. Ümümiyyətlə, soğan-sarımsağı sevirəm.
 
- Sənin üçün sağlam qida nədir?

- Bu barədə çox oxumuşam. Fikrimcə, insan vaxtında qidalanmalı, duzlu, acı və yağlı yeməklərdən uzaq olmalıdır.
 
- Çay süfrəsində nə xoşlayırsan?

- Şirniyyatı bir o qədər də sevmirəm. Quru meyvələri çox bəyənirəm. Ona görə də Novruz bayramını sevirəm. Hətta bu il ilk dəfə xonçanı özüm yığdım; pis də alınmadı
(gülür).
 
- Populyarlığın dostlarınla gəzməyə, kafelərdə oturmağa çox mane olur?

- Ümumiyyətlə, restoranları sevmirəm. Dostlarımla evdə yığışmağı xoşlayıram. Bu, populyarlıqdan əvvəl də elə idi. Evə bağlı insanam.
 
- İndi nə yeyərdin?

- Çox şey... (gülür). Amma ən birinci mərci supu...