"Park Inn"in direktoru türkiyəlilərə "Xəzər adaları"ndan danışdı - fotolar

"Park Inn"in direktoru türkiyəlilərə "Xəzər adaları"ndan danışdı - fotolar
2526 dəfə oxunub
  • A-
  • A
  • A+

"Park Inn by Radisson Azerbaijan Baku"nun baş direktoru Əhməd Can Yaşıldağ Türkiyə mətbuatına Azərbaycan turizmi və rəhbərlik etdiyi otelin fəaliyyəti ilə bağlı müsahibə verib. Axşam.az həmin müsahibəni ixtisarla təqdim edir.

- 2013-cü ilin nəticələrinə görə, Azərbaycandan xaricə gedən turistlərin sayı nə qədərdir?

-  Keçən il turist kimi Azərbaycandan xaricə gedən vətəndaşların sayı 3.95 milyon nəfər olub. Onlardan 630 min nəfəri əsasən İstanbul olmaqla Türkiyəyə gedib. Turizm məqsədilə edilmiş səyahətləri nəzərə alanda Türkiyə ilk sırada gəlir.

-  Bəs, Azərbaycana gələn turistlərin sayı nə qədərdir?

- Keçən il ölkəyə 2.48 milyon nəfər turist gəlib. Turizmin Azərbaycanın ümumi iqtisadiyyatındakı payı, rəsmi məlumatlara görə, 0.9 faizdir. Ancaq turizm sahəsinin inkişaf sürəti, dünya standartlarında 4-5 faiz olduğu halda, Azərbaycanda 10-12 faizdir.

- Bakıda xüsusilə son illər diqqəti özünə çəkən layihələr həyata keçirilir. Yeni otellərin tikintisi ilə bağlı durum necədir?

- Son 2-3 il ərzində Bakıda brend otellər açılıb: "Hilton", "JW Marriott", "Four Seasons", gözəl təbiəti və təmiz havası ilə "Jumeirah Bilgah Beach Hotel" və azərbaycanlı biznesmenin milyard dollara inşa etdiyi , üç qüllədən ibarət “Flame Towers”in (Alov Qüllələri) 36 mərtəbəli qülləsində yerləşən “Fairmont Baku Flame Towers”.

İndidən dünyanın diqqətini çəkən layihələr arasında 2015-ci ildə açılacaq “Full Moon Hotel” və “Pasha Holding”ə məxsus “Absheron Hotel Group”un açacağı 800 otaqlı otel yer alır. Ən böyük layihə isə 2011-ci ildə tikilməyə başlayan, 100 milyard dollar büdcəsi və 800 min adamlıq süni-arxipelaq şəhəri olan “Xəzər Adaları”dır. Bakıya çox yaxın məsafədə, adalarda yerləşəcək şəhərcik 200 min qonağı qarşılamaq gücündə olacaq. Məşhur brend olan 18 lüks otel,  eyni zamanda, dünyanın ən hündür göydələni olacaq “Azərbaycan Tower”, Formula 1 trası, qolf və at yarışı meydanları, sürət qatarları, 5 universitet, əyləncə mərkəzləri, hava limanı, 250 min ev-mənzil və 50 min rezidensiya bu layihənin gücündən və əhatəsindən xəbər verir. Dünyanın ən böyük məscidi də burda tikiləcək. Tikintinin ilk hissəsinin 2018-də başa çatacağı gözlənilir.

- Niyə karyeranızı Azərbaycanda davam etdirmək istədiniz?

-  Məşhur otellər şəbəkəsi “Carlson Rezidor Hotel Group”dan Bakıdakı otellərində çalışmağımı istədiklərində ilk ağlıma gələn fikir bu oldu ki, Azərbaycan qardaş ölkədir. Düşündüm ki, burada yaşamaq mənim və ailəm üçün çox maraqlı olar. Müasir, təmiz bir şəhər olan Bakını çox bəyəndim. Həm də Azərbaycan və Türkiyə türkcəsiylə yanaşı, şəhərdə rus və ingilis dillərində danışılması da mədəni səviyyədən xəbər verirdi.

- Bir qədər də hazırda çalışdığınız otel haqqında məlumat verərdiniz...

- "Park Inn" oteli Bakının və Xəzər dənizinin heyrətamiz mənzərələrinə sahibdir. 248 otağımız qonaqlarımızı tamamilə rahat şəkildə qəbul etmək imkanı verir. “Park Inn”in  iş mərkəzi, 6 modern konfrans və ziyafət salonu da var. Otelimiz geniş imkanlarına görə, istər iş, istərsə də turizm səyahətləri üçün əlverişli sayılır.