"Özümü bu səhnədə rahat hiss etmirəm" - Pərviz

"Özümü bu səhnədə rahat hiss etmirəm" -  Pərviz
1504 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar-müğənni Pərviz Mahmudov “ATV maqazin” jurnalına müsahibə verib.

Axşam.az saytı həmin müsahibəni təqdim edir:

- Yaradıcı sahələrdə, adətən, insan kimlərdən və nələrdənsə bəhrələnir. Sizin bəhrələndiyiniz bir ünvan varmı?

- Hələ uşaq yaşlarımda, musiqinin nə olduğunu anlamadığım vaxtlarda yalnız iki müğənnini - Sezen Aksu və Brilliant Dadaşovanı dinləyirdim. Sonralar bu siyahıya Azər Zeynalovu da əlavə etdim. Musiqi haqqında anlayışım formalaşdıqdan sonra nə üçün məhz professional ifaçılara qulaq asdığım mənə aydın oldu. Artıq həmin vaxtlarda musiqi sənətinə gəlişimin təməli qoyulmuşdu. Sonralar öz üzərimdə ciddi şəkildə çalışaraq istedadımı daha da inkişaf etdirməyə başladım.

- İndi zəif səsi olanlar belə müğənniliyə həvəslənir, ifaçılığa meyl edirlər. Gözəl səsinizin olduğunu sübut etsəniz də, ondan yararlanmırsınız. Yəni yaxşı mənada bunu dinləyici və tamaşaçılara verməyə xəsislik edirsiniz...

- Bəstəkarlıq fəaliyyətinə başladığım zaman ilk mahnılarımı sırf özüm üçün yazırdım. Çünki yolumu tapmaq və özümü olduğum kimi təqdim edə bilməyim üçün yalnız öz əsərlərimi oxumalıydım. Ancaq iş elə gətirdi ki, bəstələrimi öz xahişləri ilə başqa ifaçılara verəsi oldum. Sonralar bu artıq biznesə çevrildi. İfaçılığıma gəldikdə isə hər zaman olduğu kimi bir daha qeyd edirəm ki, bugünkü Azərbaycan pop-estradasını bəyənmir və ifaçı kimi özümü bu səhnədə rahat hiss etmirəm. Çünki cılız və peşəkar ifaçılar arasında fərq qoyulmur. Lakin dinləyici və ifaçıların məni mahnı müəllifi kimi çox bəyəndiyini hiss edirəm. Sözsüz ki, bu mənim üçün sevindirici haldır.

- İstər əcnəbi, istərsə də yerli müğənnilər arasında mahnılarınızı ifa etməsini arzuladığınız kimlərsə varmı?

- Düzünü desəm, yoxdur. Çünki yaşından, səhnə fəaliyyətindən, titulundan, populyarlığından asılı olmayaraq istənilən müğənninin mahnımı gözəl ifa etməsi məni sevindirir. Ola bilər ki, bəyəndiyim ifaçı bəstəmi elə oxuyar ki, bütün arzularım puç olar (gülür).

- İfaçılıq sənətini davam etdirsəydiniz, özünüzdən başqa kimin bəstələrinə müraciət edərdiniz?

- Kim olacağını bilmirəm, lakin digər müəlliflərin mahnılarını oxumaq özüm üçün də maraqlı olardı. Kimliyindən asılı olmayaraq, hətta heç kimin tanımadığı bəstəkar belə istədiyim mahnını yazarsa, məmnuniyyətlə ifa edərəm. Onu da əlavə edim ki, mahnı müəllifi kimi kifayət qədər tanınan ifaçılar belə bəstələrimi oxumaq istəyir. Ancaq təbii ki, onları özüm daha dərindən hiss edərək oxuyuram.

- Pərviz Mahmudov hansı çərçivələrdən kənara çıxmır?

- Özüm belə hiss etmədən müəyyən çərçivələr daxilində hərəkət edən insanam. Lakin bu o demək deyil ki, mən narahat adamam. Məncə, çox rahat yaşamaq da səliqəsizlikdir. Özümdən asılı olmayaraq dostlarımla ünsiyyətdə, sənətimdə, yaradıcılığımda, şəxsi həyatımda çərçivə olur və hər zaman bunun müsbət tərəflərini, xeyrini görürəm. Belə olan təqdirdə ətrafdakılar da mənimlə istər-istəməz çərçivə daxilində davranmalı olurlar.

- Yaradıcılıqda yazılmamış bir qanun var: ən yaxşı yaradıcı məhsulun ərsəyə gəlməsi ya yaradıcı insanın əhvalının yüksək olduğu, ya da ruh düşkünlüyünə qapıldığı zamanlara təsadüf edir. Sizin mahnılarınız hansı şəraitdə və necə yaranır? Əhvalınız yaradıcılığınıza təsir edirmi?

- Bunun sirrini indiyədək özüm də tapa bilmirəm (gülür). Bəstələrim, adətən, normal ruh halında olduğum zamanlarda ərsəyə gəlib. Əhvalımın pis olanda mahnı yazdığımı xatırlamıram. Son bəstələrimdən biri bu qış güclü qar yağanda yaranıb. Qarlı küçə ilə gəzirdim, bir də baxdım ki, artıq bəstəmi zümzümə edirəm.

- Pop-estrada janrında yaşıdlarınız arasında ən məhsuldar bəstəkar olmağınıza baxmayaraq efirlərdə çox az görünürsünüz. Bunu işlərinizin çoxluğu ilə əlaqələndirmək olar?

- Çoxları efirlərdə görünməklə çox iş görmüş olduqlarını zənn edir. Lakin bu qətiyyən belə deyil. Çox nadir hallarda verilişlərə çıxsam da, hər zaman ön planda olan mahnılarım sayəsində dinləyicilər məni yalnız adımla tanıyır. Demək olar ki, bütün yerli telekanalların  dəvətlərindən imtina edirəm. Buna görə bəzən inciyənlər də olur. Heç kimə izah edə bilmirəm ki, əksəriyyəti müzakirələr üzərində qurulan teleproqramlarımızda mən niyə iştirak etməliyəm. Yalnız özümə aid sualların verildiyi və mahnılarımın yer aldığı proqramlara dəvəti qəbul edə bilərəm.

- Dünya və Azərbaycan musiqi sənətində bir çox müəlliflər öz mahnılarını ifa edirlər. Buna sizin münasibətiniz necədir?

- Müəllif mahnının həm atası, həm də anasıdır. Ürəyi istədiyi zaman öz bəstələrinə müraciət edə bilər. Təəssüf ki, bizdə bəzən bu məsələ ilə bağlı müəlliflə musiqinin ilk ifaçısı arasında narazılıq yaranır. Şəxsən mən müğənniyə yalnız melodiyanı ifa etməyə icazə verirəm. Mahnının bütün hüquqlarını almağa kiminsə gücü çatacağına inanmıram. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mahnının bütün səlahiyyətləri müəlliflərə məxsusdur.