"Ona pendir-çörək də versəm, “bəh-bəh”lə yeyəcək" - müsahibə

"Ona pendir-çörək də versəm, “bəh-bəh”lə yeyəcək" - müsahibə
2881 dəfə oxunub
  • A-
  • A
  • A+

Zülfiyyə Xanbabayeva özünü əsl qurman hesab edir. Onun üçün yeməyin dadından əlavə görünüşü, təqdimatı daha vacibdir. Ayaqüstü qidalanmağı çox xoşlayır. Məhz bu səbəbdən də kökəldiyini etiraf edir.

Axşam.az müğənninin "Formaggio" jurnalına müsahibəsini təqdim edir.
 
- Zülfiyyə xanımın fast-fooda münasibəti...

- Nə mən, nə də qızım fast-food sevmirik. Meylim çəkəndə də öz əllərimlə hazırlayıram.
 
- Ət xörəkləri rasionunuzun neçə faizini təşkil edir?

- Çox az hissəsini... Yeyəndə də quzu ətinə üstünlük verirəm.
 
- Bəs balıq?

- Əvvəllər balığı çox xoşlayırdım, son zamanlar isə nəsə meylim çəkmir.
 
- Göbələklə aranız necədi?

- O qədər də xoşlamıram. Bilirsiz, yeməklər mənim üçün stabil qalmır. Məsələn, bir neçə ay bir yeməkdən xoşum gəlir, amma sonra ondan soyuyuram.
 
- Yemək masanızda həmişə olan içki...

- Qazsız su. Qızım üçün şirəni isə təbii meyvələrdən çəkirəm. Sevmədiyim içki şərbətdir. Ümumiyyətlə, mənim ən mənfi xüsusiyyətim odur ki, çox maye qəbul etmirəm. Hətta telefonumda “zəngli qeyd” qurmuşam ki, tez-tez işə düşsün və yadıma salsın ki, mən su içməliyəm.
 
- Su yadınıza düşməyə bilər, amma dondurmadan vaz keçmək olmur.

- Bəlkə də inanmazsınız, qəti dondurma həvəskarı deyiləm. Mən suyu da soyuq halda içmirəm. Ona görə yox ki, səsimi qorumaq istəyirəm. Sadəcə, soyuq nəsə qəbul edəndə, elə bil onun dadı mənə çatmır. Bax, şirinçayı çox xoşlayıram.
 
- Şirin dediniz, yadıma tort düşdü...

- Deyim ki, tort aşiqiyəm, yalan olar. Ancaq əlamətdar günlərdə bir balaca dada bilərəm. Özüm çox yaxşı tiramisu hazırlayıram.
 
- Şah qidanız nədir?

- Pendir - çörək, göyərti.
 
- Bişirdiyiniz ən yaxşı xörək...

- Özüməməxsus lobya yeməyim var. Bir də “Kiyev kotleti”ni əla bişirirəm. Məndə təkcə məclis yeməkləri alınmır. Ona da yəqin cəhd etmirəm.
 
- Yoldaşınız bişirdiyiniz hansı yeməyi daha çox xoşlayır?

- Bütün yeməklərimi... Ona lap pendir-çörək də versəm, “bəh-bəh”lə yeyəcək. Bizim evdə sevgi mədədən keçmir.
 
- Soyuducunuzda ən çox nə olur?

- Əslində, buna çox da fikir vermirik. Sadəcə, indi Dəniz var deyə, çalışırıq soyuducumuzu ona uyğun olan ərzaqlarla dolduraq.
 
- Alış-verişi özünüz edirsiz?

- Bəli. Özü də bu işdən zövq alıram.
 
- Alış-veriş səbətinizdə ən çox nə olur?

- “Salfetka”... Həmişə də adıma layiq alış-veriş edirəm. Lazım oldu-olmadı hər şeyi səbətə yığıram.
 
- Yəqin şokoladlar da bu siyahıya daxildir...

- Sözsüz. Şokoladı qonaqlar üçün alıram. Özüm karamel xoşlayıram.
 
- Süfrənizdə mütləq nə olmalıdır?

- Pendir.
 
- Əlamətdar günlərinizdə hara gedirsiniz?

- Axırıncı dəfə “Nar&Sharab” restoranında olmuşuq. Orda adam özünü evdəki kimi hiss edir. “Tonqal” restoranının da yaşıllığını sevirəm. “Eleven” restoranını da xoşlayıram. Orada da çox vaxt suşi yeyirik. Bir də onların özlərinə məxsus salatları var. O salatı çox sevirəm.
 
- Tez-tez xaricdə olan Zülfiyyə Xanbabayevanın restoran sərgüzəştləri...

- Xaricə gedən insan əvvəlcədən işini möhkəm tutmalıdır. Ölkəyə səyahət etməzdən əvvəl oradakı restoranları araşdırıram, görüm, harada yemək yesəm peşman olmaram. Yaxud da Los-Ancelesdə hansı restoranda suşi yemək olar? Şükür, hələ elə bir problemim olmayıb. Məsələn, Sinqapura gedəndə elə bir restoranda olduq ki, ordakı təamların dadı hələ də damağımdadır.
 
- Heç vaxt unutmayacağınız hesab...

- Belə hesablar çox olub. Ən çox da Amerika və Rusiyada ödəmişəm. Bir dəfə isə Amerikada “Marios” restoranında olduq. Bu restorandakı yeməklər ancaq dəniz məhsullarından hazırlanır. Orada vaxtilə Sofi Loren və Merilin Monro da olub. Bax, “Marios”da ödədiyim məbləği heç vaxt unutmaram.