"Bu, cəmiyyətə birmənalı sirayət edir" - müsahibə

"Bu, cəmiyyətə birmənalı sirayət edir" - müsahibə
2943 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az 106.3 FM-də yayımlanan “Zərif bənd” verilişinin aparıcısı Fəxriyyə İsayeva ilə müsahibəni təqdim edir:

- Sizi “İctimai” telekanaldan və radiodan tanıyırıq. Hazırda isə dinləyicilərlə 106.3 FM dalğasında görüşürsünüz. Məkan dəyişikliyinə nə səbəb oldu?

- İctimai Televiziya və Radio Yayımları Şirkətində 8 il çalışdım. Düşünürəm ki, yaradıcı insan üçün mühit dəyişikliyi mütləqdir.

- Sizi eyni zamanda teleaparıcı kimi də izləmişik. Radio və televiziya aparıcılığının fərqli və oxşar cəhətləri...

- Radio sırf səmimiyyət üzərində qurulub. Pult arxasında yalnız özün və dinləyicin var. Televiziyanın isə qayda-qanunları fərqlidir. Görüntü əsas şərtlərdən biridir. Tələb olunan bütün estetik meyarlara cavab verilməlidir  və labüd çərçivə var. Hətta ən sərbəst aparıcı belə o çərçivədən çıxa bilməz. Radioda da çətinliklər az deyil. Məsələn, efirdə kamera qarşısında müəyyən mimikalar vasitəsilə fikrini ifadə edə bilərsən. Radioda isə sənə ancaq söz lazımdır. Zəngin söz bazası sənin dinləyici ilə ünsiyyətinə yardımçı olur. Yəni ancaq sözlə özünü sevdirməyi bacarmalısan. Əlbəttə, səs də önəmlidi. Hətta deyərdim ki, daha önəmlidi.

- Aparıcıya çərçivə, yoxsa azadlıq uğur gətirir?

- Efir elə bir məkandır ki, burada azad ola bilməzsən. Nəzərə alsaq ki, cəmiyyətin bütün təbəqələrinin qarşısındasan, bu, məsuliyyəti daha da artırır. Aparıcı yalnız konkret fakta əsaslanan azad fikir çərçivəsində uğur qazana bilər. Ən əziz hesab etdiyin insanın görüşünə hansı həyəcan, məsuliyyət və sevgiylə çıxırsansa, efirə də elə çıxmalısan. İlk görüşə getdiyin kimi. Hədsiz sərbəstlik evdə, pijamada mümkündür.

- Hər bir diceyin öz dinləyici təbəqəsi var. Bəs sizi hansı təbəqə sevir?

- Məni hansı təbəqə sevir? "Mən hansı təbəqə üçün çalışıram" desək, daha doğru olar. Bütün yaş hədlərini nəzərə alıram. Bir fikri onların hamısına eyni qaydada çatdırmağa çalışıram. Müzakirəyə qoyduğumuz mövzunun aktuallığı çox vacibdir. Çalışıram, dediyim sözün mənəvi dəyəri olsun. Amma bəzən emosional olduğumun da fərqinə varıram.

- Bəs “Zərif bənd” nə ilə fərqlənir?

- “Zərif bənd”, 106.3-də şənbə və bazar günü saat 12-dən 14-dək yayımlanır. Ən müxtəlif mövzulara toxunuruq. Sosial-məişət mövzuları dinləyicilərlə birlikdə müzakirə olunur. Bununla yanaşı əsas məqsədimiz korifey sənətkarların gündəmə gətirilməsidir. Çalışırıq, verilişin reytinqi şou-biznes və qalmaqal üzərində qurulmasın. Bəli, şou-biznes, xəbər, əyləncə olmalıdır. Hətta mütləqdir. Amma bu əsl sənəti üstələməməlidir. Bu, cəmiyyətə birmənalı sirayət edir. Biz Azərbaycan insəsənəti və mədəniyyətində xüsusi xidmətləri olan, lakin müəyyən səbəblərdən efirdən kənarda qalan sənətkarları dəvət edirik, onları dinləyicilərlə görüşdürürük. Məqsədimiz bu insanları əbədiyaşar etməkdir.

- Radioda səs böyük rol oynayır. Səsinizə necə qulluq edirsiniz?

- Etmirəm. Qarlı havada dondurmanı xüsusi ləzzətlə yeyirəm. Hətta zökəm olmağım belə məni bu zövqdən məhrum edə bilməz.

- Radio aparıcısı olan xanımlar kobud səsləri, geyimləri ilə seçilir. Siz də isə həm imic, həm də səs fərqliliyi var...

- Fəqliliyi siz hiss etmisiz. Buna görə sizə təşəkkür edirəm. Bəli, dicey üçün dinamika vacibdir, amma bu o demək deyil ki, səsin kobud, geyimin qəribə olmalıdır. Düşünürəm ki, heç bir peşə qadını xanımlıqdan çıxarmamalıdır. Qadın harda olursa olsun, öz lətafətini və zərifliyini itirməməlidir.

- Özünüzü baxımlı xanım hesab edirsiniz?

- Bir müasir xanımın edə biləcəyi bütün kosmetik vasitələrdən istifadə edirəm. Xüsusi gözəllik məkanları var ki, ora gedirəm. Hesab edirəm ki, qadının yaşı onun göründüyü yaşdır. Qadının zərifliyinin dərəcəsi onun gücünün meyarıdır. Mən bütün xanımlarımıza yalnız və yalnız zəriflik arzu edirəm.

Foto: Rəşad ABBASOV