"Hamısını yatızdırıb göndərirəm evə" - müsahibə

"Hamısını yatızdırıb göndərirəm evə" - müsahibə
2567 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova aznews.az saytına futbolla bağlı müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir.

-Lalə xanım, heç vaxt futbolla maraqlanmamısınız?

-Bəlkə də bir neçə il əvvəl baxa bilərdim. Amma indi körpəmlə bağlı bu çempionatda heç bir oyunu izləməmişəm. Heç nəticələrlə də maraqlanmamışam. Amma Hollandiyada yaşayan dostlarım çox sevinirdilər. Hollandiya deyəsən qalib gəlmişdi. İndi yadıma düşdü.

-Bəs öz komandalarımızdan kimə azarkeşlik edirsiniz?

-Yalan danışa bilmərəm, konkret heç birinə azarkeşlik etmirəm. Amma onların qazandığı uğur ölkəmin adına olduğuna görə, istərdim ki, adları tez-tez eşidilsin. Təəssüf ki, müstəqillik illərində arzuolunan nəticəyə çatmamışıq. Bu yaxınlarda Bəhram Bağırzadənin müsahibəsini oxumuşdum və dediyində həqiqət var idi.

-Amma Bəhram Bağırzadə sərt şəkildə “qeyrətsiz futbolçu” ifadəsini işlətmişdi.

-Onun dediklərində bu baxımdan həqiqət var ki, futbolçulara qoyulan sərmayənin arxasında böyük fəhlə əməyi durur. Axı o fəhlə aylarla ailəsindən uzaq düşür və müqayisədə fəhlənin aldığı məvacib futbolçunun aldığından qat-qat aşağıdır.

-Heç olmasa bilirsiniz dünya çempionatında neçə komanda iştirak edir?

-(gülür) Yox, yox. Bəlkə də maraqlanmamışam. Xasiyyətim elədir ki, mənə lazım olan informasiyanı öyrənirəm.

-Maraqlanmamaq ümumi idmana aiddir, yoxsa təkcə futbolla bağlıdır?

-Bu, ancaq futbola aiddir. Üzgüçülük, gimnastika, avarçəkmə yarışlarını izləməyi çox sevirəm. Allah rəhmət eləsin, Bəşir Səfəroğlu bir tamaşda deyirdi ki, neçə kişi bir topun arxasınca qaçır. O bir zarafat olsa da, orda bir həqiqət də var. Ümummiyyətlə, futbol mənim marağımda deyil. Amma bir neçə il peşəkar üzgüçülüklə məşğul olmuşam.

-Dünənki həmsöhbətimiz Baloğlan Əşrəfov bildirdi ki, onu rəsmi şəkildə qarşılasalar mundialın finalında oxuyar. Bəs siz dünya çempionatının final mərhələsində oxumaq istərdinizmi?

-Əslində sizin dediyiniz real bir şeyə oxşamır. Amma olsa niyə də istəməzdim?

-2010-cü ildə mundialın açılış mərasimində Şakira oldu...

-Deyim ki, orda futbolçuları ruhlandırmaq üçün xüsusi sözlərlə və ritmlərlə mahnılar yazılır. Şakira və Cennifer Lopezlə maraqlanmışam. Onlar üçün bu mahnılar himn kimi yazılır.

- Təsəvvür edin ki, siz lirika oxuyursunuz... (sözümü kəsir)

-Futbolçuların hamısını yatızdırıb göndərirəm evə (gülür). Demək istədiyim odur ki, repertuarımda sırf Azərbaycana aid vətənpərvərlik mahnıları yetərincədir. Amma idmançıları, futbolçuları ruhlandırma üçün mahnılar yoxdur. Yadınızdadırsa, biz uşaq olanda bir melodiya var idi. Nə marş deyildi, nə də himn. Amma yaddaşımda daha çox qalıb, nəinki Şakira və Cennifer Lopezin oxuduqları.

-Heç olmasa adını eşitdiyiniz futbolçular var?

-Pele, Ronaldo, Sən demə bilirmişəm e... Şakiranın yoldaşının adı nə idi?

-Xerar Pike.

-(yanındakı şəxslər kömək edirlər) Roberto Karlos, Vilya, İnyesta.