ATV-nin keçmiş prezidentinin qızından müsahibə+fotolar

ATV-nin keçmiş prezidentinin qızından müsahibə+fotolar
7917 dəfə oxunub
  • A-
  • A
  • A+

"Magura" moda evinin sahibi, dizayner Gülşən İbrahimova Buro 24/7 Azerbaijan portalına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir. Qeyd edək ki, G.İbrahimova ATV telekanalının keçmiş prezidenti Tağı İbrahimovun qızıdır.

- Gülşən xanım, karyeranıza nə zaman başlamısınız?

- Dizaynerliyə marağım hələ uşaq yaşlarından olub. Artıq 9 yaşımda müxtəlif geyimlər tikir, parçalarla düzgün işləməyi bacarırdım. Atam dizaynerlik sənətini seçməyimi istəmirdi. Ona görə də ilk təhsilimi Xarici Dillər Universitetində almışam. Ancaq modelyerliyə olan həvəsim məni ailə qurduqdan sonra ikinci universitetə - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına apardı. Butikimi ikinci dəfə ana olanda açdım və 4 ildən çoxdur ki, modelyer-dizayner kimi çalışıram. MAGURA ilk vaxtlar geyim mağazası kimi fəaliyyət göstərirdi, bir müddət sonra isə mənə xəyalımdakı moda evini gerçəkləşdirməyə kömək etdi. Artıq 3 ildir, MAGURA moda evi fəaliyyət göstərir.

- Kolleksiyalarınızda daha çox haute-couture geyimlər üstünlük təşkil edir. Bəs gündəlik həyatda özünüz daha çox hansı geyimləri seçirsiniz?

- Sadə geyimlərə üstünlük verirəm, amma həmin geyimlərdə də dəyişik detallardan - fantaziyamdan doğan detallardan istifadə edirəm. Bu da mənim fərqliliyimdir.

- İlk kolleksiyanızın nümayişini necə xatırlayırsınız?

- MAGURA ilk dəfə Dubayda keçirilən 26 ölkənin iştirak etdiyi "Bride Show" adlı nümayişə qatıldı və "Rainbow" ("Göy qurşağı"-red.) adlı ilk kolleksiyamız böyük maraqla qarşılandı. Bu, mənim birinci uğurum idi. Dünya modasında qanunauyğunluq belədir ki, dizaynerlər kolleksiyalarda, əsasən, 2 rəngdən istifadə edirlər. Mən isə bir neçə rəngdən yararlandım. Kolleksiyada heç bir libas bir-birinə bənzəməsə də, stil baxımından ahəng təşkil edirdi. Geyimlərdə tafta, atlas, şifon, güpur kimi materiallardan istifadə etmişdik.

- Geyimlərinizi kiminsə üzərində görəndə hansı hisləri keçirirsiniz?

- Əlbəttə, sevinirəm ki, yaratdığım və sevərək ərsəyə gətirdiyim geyimi bir xanım ən özəl günü üçün seçib. Müştərinin sifarişdən razı qaldığını görəndə isə sanki dünyanı mənə bağışlayırlar.

- Moda evinin siması kimi hansı məşhuru görürsünüz?

- Təbii ki, Azərbaycanda da, xaricdə də MAGURA brendinin siması ola biləcək gözəl xanımlar çoxdur. Ümumiyyətlə, bu atelyeni seçən hər bir xanım brendin simasıdır.

- Dünya modasında kimlərin stilindən ilhamlanırsınız?

- Oscar de la Renta və Zuhair Murad favoritlərim sırasındadır. Bu iki brend bir-birindən stil baxımından fərqlənsə də, hər iki modelyer öz karyeraları boyu heç kimi təkrarlamayıblar. Zuhair Murad geyimlərində daş-qaşlar üstünlük təşkil edirsə, Oskar de la Renta parçanın kəsim növüylə işləməyi hər kəsdən yaxşı bacarır.

- MAGURA brendiylə bağlı gələcəkdə hansı planlarınız var?

- Sevindirici haldır ki, Azərbaycanda MAGURA brendinin geyimləri, o cümlədən gəlinlikləri böyük maraqla qarşılanıb. Planımızda növbəti nümayişi Bakıda keçirməkdir və düşünürəm ki, yeni kolleksiyamız xanımların ürəyincə olacaq. Bu təqdimatdan sonra bir çox xarici ölkələrdə layihələr həyata keçirməyi planlaşdırıram. Məqsədim - dünyaca məşhur modelyer olmaqdır. Biznesə burada başlasaq da, gələcəkdə brendin dünyada tanınması üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Azərbaycanın adını məşhur modelyerlər sırasına qaldırmağı bacaracağam.