Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib. Səhnə əsəri festivalın münsiflər heyəti, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Yeni səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər.
Səhnə əsəri müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır.