Şuşada Vaqif Poeziya Günlərinin açılışı oldu - Fotolar

Şuşada Vaqif Poeziya Günlərinin açılışı oldu - Fotolar
1328 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.

Axşam.az xəbər verir ki, açılış mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.

Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığından söz açıb: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.

Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhad Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhad Kabaklı deyib: “Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra “Şükür” namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi. Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”.

Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tutması barədə danışıblar.

Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.