Şəhid ailələri ilə daha bir görüş keçirildi - Video+Fotolar

Şəhid ailələri ilə daha bir görüş keçirildi - Video+Fotolar
612 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 29-da “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində tədbir baş tutub.

Axşam.az xəbər verir ki, gecədə şəhid ailələri yer alıb. 250 nəfərdən çox şəhid övladının iştirak etdiyi tədbirin əvvəlində uşaqlar üçün hovuz əyləncəsi təşkil olunub. Konsertdə musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına aid, rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi “Mənim atam qəhrəmandır” mahnısına çəkilmiş yeni klip nümayiş olunub. 1 ay ərzində ərsəyə gəlmiş klipin iştirakçıları və mahnının ifaçıları Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır. Müğənni Zamiq Hüseynovla bərabər hazırlanmış layihə böyük maraq doğurub.

Tədbirə şəhid əmanətləri ilə yanaşı ictimai şəxslər, deputatlar, müxtəlif nazirliklərin məsul şəxsləri, AYB-nin təmsilçiləri, mətbuat və media nümayəndələri, müğənnilər dəvət olunublar.

“Fire Land Group”un rəhbəri, eləcə də “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı, AYB üzvü Cəlal Qurbanov fikirlərini bu sözlərlə ifadə edib:

“Biz bu layihələrə şəhidlərin ruhunun işığı ilə başlamışıq. Vətən müharibəsindəki birliyimiz “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrində də özünü göstərdi. Bu tədbirlərdə iştirak etməyə can atan onlarla insan var. Onların səmimiyyəti, şəhid ailələrinə sevgisi bizim üçün böyük stimuldur. Şəhid övladlarının bugünkü sevinci görülməyə dəyərdi. Biz bu müqəddəs və kövrək hisslər üçün yaşayırıq, mənəvi yükümüz onların gülüşü ilə yüngülləşir. Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi şəhid ailələrinə olan borcumuzu heç zaman unutmuruq. Vitse-prezident, birinci xanım Mehriban Əliyeva da şəhid ailələrini xüsusi diqqətdə saxlayır. Heydər Əliyev Fondunun rəhbərliyinin də tədbirlərimizə göstərdiyi həssaslıq bizə qürur verir. 

Bu gün həm şəhid əmanətləri, həm də bizim üçün çox özəl idi. Hər tədbirimizdə olduğu kimi bu tədbirdə də yağışın sehri ilə islandıq. Biz artıq öz aramızda bunun nəyin əlaməti olduğunu anlamışıq. Bu yağışlar övladlarının, ailələrinin təbəssümünü görən şəhidlərimizin sevinc göz yaşlarıdır”.