Amerika Kino Akademiyası 96-cı "Oskar" mükafatlandırma mərasiminin aparıcısını seçib.
Axşam.az xəbər verir ki, bu vəzifəni növbəti mərasimdə amerikalı teleaparıcı, komediyaçı, ssenarist, prodüser və aktyor Cimmi Kimmel yerinə yetirəcək. C.Kimmel üçün bu, dördüncü "Oskar" olacaq. Belə ki, o, 2017, 2018 və 2023-cü illərdə keçirilən mərasimlərə aparıcılıq edib.
Qeyd edək ki, bu gün "Oskar" dünyanın ən nüfuzlu kino mükafatıdır və ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı aktyor və aktrisa kimi müxtəlif kateqoriyalar üzrə ən yaxşı işə görə verilir. Mükafat hər il Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təqdim olunur. 2024-cü ildə tədbir martın 10-dan 11-nə keçən gecə keçiriləcək.
Namizədlər yanvarın 23-də, bir neçə kateqoriya üzrə qısa siyahılar isə dekabrın 21-də elan olunacaq.