Son illər moda sahəsində də streotiplər dağılmaq üzrədir.
90-60-90 bədən quruluşuna malik olmayan, ancaq özünə və xarici görünüşünə güvənən modellər podiumlara axın edir. “Plus size” modellər adlanan və bədən ölçüsü 46-50 arasında dəyişən gözəllər “Vogue”, “GQ” və “Playboy” kimi moda jurnallarının üz qabığını bəzəyir, məşhur geyim markalarının simasına çevrilir.
Axşam.az 1937.az-a istinadən sizi uğurlu model karyerası uğrunda dünya nemətlərindən imtina etməyən və “beş günlük dünya” prinsipi ilə yaşayan gözəllərlə tanış edir:
Kristal Renn
Sofi Daldan sonra ən məşhur kök model Kristal Renn model karyerasına 12 yaşından başlayıb.14 yaşında Kristal özünə zülm edib və arıqlamaq üçün əlindən gələni əsirgəməyib. Artıq çəkidən qurtulan yeniyetmə qız səhhətində yaranan ciddi problemlərdən sonra kiloları ilə barışıb.
Yeniyetmə Kristal bir müddət sonra elə artıq çəkilərinin hesabına məşhurlaşıb. Bədən ölçüsü 50 olan gözəlçə jurnalların üz qabığında və podiumlarda görünməyə başlayıb. Hətta artıq çəkililəri sərt tənqid edən modelyer Karl Laqerfeld onu öz defilesinə dəvət edib.
Ötən il yenidən artıq çəkidən qurtulmaq qərarına gələn model yoqa və platesin köməkliyilə xeyli arıqlayıb. Bir müddət yeni çəkisinə alışa bilməyən Renn ötən il dünyaca məşhur çimərlik geyimləri markası “Sports Illustrated”in siması olub.
Kristal “Allure Russia”, “Elle Ukraine”, “Harper’s Bazaar Spain”, “Vogue” və “Glamour” kimi jurnalların üz qabığında çəkilib, “Chanel”in 2015-ci yaz-yay kolleksiyasını təqdim edən şanslı modellərdən biri olub.
Tara Linn
“Vogue”nin üz qabığına çəkildikdən sonra məşhurlaşan Tara Linn bu gün dünyanın ən məşhur “plüş-size” modellərindən biridir. Stiven Mayzel bu amerikalı gözəlçəni İtaliyan “Vogue”si üçün çəkib. “Elle” jurnalı isə Tara haqda 20 səhifəlik material hazırlayıb və onu moda dünyasına yeni streotiplər gətirən model adlandırıb.
Tara kollecdə təhsil alarkən maddi çatışmazlıqlar ucbatından özünü model biznesində sınamaq qərarına gəlib. Siyetldə yaşayan modelin ən sevimli markası “H&M”dir. Tara digər artıq çəkili model Robin Lauli ilə yaxın rəfiqədir.
Robin Louli
“Dünyada yemək sevgisindən gözəl və təmənnasız sevgi yoxdur”,-deyə Louli etiraf edib. Biz də etiraf edək ki, bu sözləri podiuma çıxan modeldən eşitmək olduqca təəccüblüdür.
Avstraliyalı gözəl Robin Lauli sevdiyi yeməkləri yeməkdən çəkinmir, kökəlməkdən qorxmur. Lauli dünyadakı üç ən məşhur və tələbatlı “plüş-size” modeldən biridir. Bu bədən ölçüsü ilə ilk dəfə “Ralph Lauren” moda evinin siması olan Robin nəinki Avropada, Amerikada da əsl inqilab edib. Gənc qız ölkəsi Avstraliyada yeganə kök modeldir.
Hazırda Robin kulinariya haqda kitab yazır, yemək reseptlərindən ibarət bloqu maraqla qarşılanır. Özü kimi kilolu xanımlar üçün çimərlik geyimləri hazırlayan Robin, qadınları komplekslərindən azad olmağa çağırır.
Deniz Bido
Bir tərəfi puertorikalı, bir tərəfi küveytli olan Deniz Bido deyir ki, hər qadının öz gözəllik sirləri var. Son bir neçə il ərzində 27 yaşlı model “Forever 21”, “Macy’s” və “Nordstrom” kimi nüfuzlu şirkətlərin reklam çarxlarında rol alıb.
Bido Amerikada yayımlanan və dörd toppuş modelin həyatından və karyerasından bəhs edən “Curvy Girls” realiti-şousundan sonra daha da populyarlaşıb.
İdeal bədən quruluşuna malik və əsasən, ağdərili modellərin hökmranlıq etdiyi moda industriyasında istədiyi uğuru qazanan Deniz olduqca xoşbəxtdir.
Bidonun ən böyük arzusu filmdə çəkilməkdir və model bunun üçün Hollivuda köçüb. Tezliklə kino sahəsində də uğur qazanacağına inanır.
Kendis Haffin
29 yaşlı amerikalı Kendis Haffin moda aləmində kifayət qədər tanınan simalardan biridir. Uzun müddət Kendis “plus-size” gözəllər arasında ən çox qazanan model olub. 181 sm boyu, 80 kq çəkisi olan Kendisin uğur hekayəsi 2000-ci ildən başlayıb. Məşhur amerikan jurnalı “V Magazine”in kilolu modellər haqda yazıdan sonra Kendis əsl ulduza çevrilib.
Bir müddət sonra Kendis həmkarı Tara Linnlə birlikdə “Vogue” jurnalının üz qabığına çəkilib. Bu hadisə modellər üçün də, jurnal üçün də əsl hadisə olub. İlk dəfə bədən ölçüsü 48 olan xanımlar “Vogue”nin üz qabığına çəkilib.
Kendis yarıçılpaq və çimərlik geyimlərində çəkilməkdən çəkinmir. Kök xanımlar üçün geyim kolleksiyası hazırlayan model xanımlara məsləhətlərini mütəmadi olaraq bloqunda yazır.