Xalq artisti Emin Ağalarovun "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.
Axşam.az xəbər verir ki, müğənni konsertini öz mahnısı ilə yox, amerikalı müğənni Elvis Preslinin repertuarındakı "İt's now or never" (Ya indi, ya heç vaxt") mahnısı ilə açıb.
Ağalarov canlı ansamblının müşayiəti ilə sevilən mahnılarını səsləndirib. Səhnədən tamaşaçılarını salamlayan Emin onlarla səmimi söhbətləriylə diqqət çəkib.
2006-ci ildə bəstələdiyi "Still" mahnısını oxuyan ifaçı "Musiqi karyerama bu mahnı il başlamışam. Bu nəğmənin repertuarımda xüsusi yeri var. Bu mahnı hər zaman bizimlə olduğu üçün onu bu gecə oxumasam olmaz" sözlərini deyib.
Emin həmçinin bildirib ki, indiyə qədər 600-ə yaxın solo konsert proqramı ilə çıxış edib, onların 50-si isə paytaxt Bakıda olub. Ağalarov vurğulayıb ki, tamaşaçılarla bərabər onu izləyənlər arasında anası, bacısı, həyat yoldaşı və dörd övladı yer alıb.
Musiqili gecənin davamında Emin səhnəyə Bakıda tanış olduğu və 10 ildir ki, yaxından dostluq etdiyi Engelbert Humperdinki dəvət edib. Ağalarov bildirib ki, Engelbert dünya şöhrətli Elvis Preslinin yaxın dostlarından biri olub. Bundan sonra Humperdink tamaşaçıları salamlayaraq, Preslinin bir neçə hit nəğməsini səsləndirib.