Bu gün bəstəkar-müğənni Emin mətbuat konfransı keçirib.
Axşam.az xəbər verir ki, ifaçı "World Music Awards - 2014" mükafatlandırma mərasimindəki uğurundan, yeni layihələrindən və övladlarından söz açıb. "Ən yaxşı ifaçı" (Best Selling Artist) nominasiyasında qalib olan Emin bunu ümumi uğur adlandırıb:
"Bu qələbədə mənim sənətimi sevən hər kəsin payı var. Düzünü desəm, mərasimə qonaq qismində dəvət almışdım. Mükafat qazanacağımı ağlıma belə gətirmirdim. Şou 5 saat davam etdi. Meraya Keri, Mayli Sayrus, Rikki Martin kimi ulduzlarla bir səhnədə çıxış etməkdən böyük zövq aldım. Düşünürəm ki, bu mükafatı əfsanəvi tenor Müslüm Maqomayev almalıydı. Ona görə də qalibiyyəti ona həsr etdim".
Emin övladları Mikayıl və Əli haqqında da danışıb:
"Övladlarımla vaxt keçirməyi sevirəm. Azərbaycana gələndə iki gün vaxtım olur. O vaxt ərzində də övladlarımla istirahət edirəm. Bakıda klip çəkdirmək istəsəm də, hələ ki, buna vaxt tapmıram. Lakin onu deyə bilərəm ki, Mikayılla Əlini klipimə çəkmək fikrim yoxdur. Bilirəm, klipimdə rol alsalar, hamı onlarla maraqlanacaq". Müğənni gələn ay Yurmalada keçiriləcək "Novaya volna" (“Yeni dalğa”) musiqi müsabiqəsində qonaq qismində çıxış edəcək. O, bəstəkar İqor Krutoyun yazdığı yeni mahnını səsləndirəcək.
Qeyd edək ki, iyunun 21-də Emin britaniyalı müğənni Kreyq Devidlə "Sea Breeze" kompleksində konsert proqramı ilə çıxış edəcək. İfaçının "Yaşıl teatr" səhnəsində konserti isə iyulun 17-də keçiriləcək. (buro247.az)
Foto: Rəşad ABBASOV