Nargis Fondundan xeyirxah addım - fotolar

Nargis Fondundan xeyirxah addım - fotolar
4539 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 7-də Qubanın “Rixos” otelində Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə qolf turniri keçirilib. Tədbirin proqramına Nargis Fund və Olive Project tərəfindən təşkil olunmuş xeyriyyə hərracı daxil olub.

Hərracdan öncə qonaqları Nargis nəşriyyat evinin direktoru Könül Nağıyeva salamlayıb. O, tədbir iştirakçılarını 8 yaşlı Şəhriyar Kərimovun taleyinə laqeyd qalmamağa səsləyib və bildirib ki, hərracdan əldə edilmiş vəsait Şəhriyarın müalicəsinə yönəldiləcək. Ona Niman-Pik xəstəliyinin diaqnozu qoyulub. Bu, ömürlük müalicə və nəzarət tələb edən nadir genetik xəstəlikdir. Şəhriyar Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən ilk şəxsdir və ölkəmizdə onun müalicəsi üçün şərait yoxdur. O, xəstəliyin ilk daşıyıcısı kimi rəsmi olaraq, Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilib.

Hərrac üçün "YAY" Gallery müasir incəsənət kommersiya təşkilatı və "Vault Prive" lyuks klass centlemen klub butiki öz əşyalarını təqdim edib. Rəsm, heykəltəraşlıq əsərləri, eləcə də kişi aksesuarlarından ibarət lotlar sırasında ən bahalısı "NAR" nərdi olub. Lövhənin dizaynının əsasında Azərbaycan ənənələri və mədəniyyəti, bolluq və bərəkətin simvolu olan nar dayanır. Nərdin hər bir detalı əl işi ilə peşəkar Britaniya ustaları tərəfindən hazırlanıb. "NAR" nərdləri limitli kolleksiyadır və onları yalnız Bakıdakı "Vault Prive" butikindən əldə etmək mümkündür. Könül Nağıyeva hərracda Ramal Kazımın müəllifi olduğu "Billiard" rəsmini əldə edib.

Hərracdan sonra izləyicilər Mikayıl Rəfiyevin ifasında Lounge Project konsertindən zövq alıblar. Sonda təşkilatçılar tədbirdə iştirakına görə Eleven Project, Venera Model&Cast Management agentliyinə və xeyriyyə tədbirinə laqeyd qalmayan hər kəsə təşəkkürlərini bildiriblər.

buro247.az