16 yaşlı oğlu 5 nəfəri maşınla vurdu, 1-i öldü - Ölkədən qaçdılar

16 yaşlı oğlu 5 nəfəri maşınla vurdu, 1-i öldü - Ölkədən qaçdılar
2552 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli yazar Eylem Tokla keçmiş həyat yoldaşı, həkim Bülent Cihantimurun 16 yaşlı oğlu Timur Cihantimur lüks avtomobili ilə 5 nəfəri vurub.

Axşam.az xəbər verir ki, 1 nəfərin ölümü ilə nəticələnən qəzanın ardından yazar oğlu ilə birgə Misirə qaçıb. 

Belə ki, hadisə martın 1-də baş verib. Mühərrikində problem yarandığı üçün bir qrup şəxs maşını yolun kənarında saxlayıb. Qəza işıqlarını yandıraraq avtomobili təmir etməyə çalışdıqları əsnada 16 yaşlı Timurun idarə etdiyi lüks cip təhlükəsizlik zolağında gözləyən insanları vurub. Zərbənin təsirindən 5 nəfər meşəlik əraziyə atılıb.

Nəticədə Oğuz Murat hadisə yerində dünyasını dəyişib. Hazırda 1 nəfərin həyatı təhlükəsi davam edir.

Sürücülük vəsiqəsi olmayan Timur avtomobilini tərk edərək arxadan gələn anası Eylemin olduğu başqa maşına minərək oradan qaçıb.

Fotoda: Hadisə zamanı dünyasını dəyişən Oğuz Murat

İddia olunur ki, Eylem hadisə yerini tərk etməzdən əvvəl zərərçəkmişlərin mobil telefonlarını da özü ilə aparıb.

Polisin araşdırmları davam edərkən Eylem oğlu ilə birlikdə Misirə uçub. İstanbul Polis İdarəsi qəzanın ölkə saatı ilə 23:30-da baş verdiyini, ana və oğulun saat 04:30-da təyyarə ilə Türkiyəni tərk etdiyini açıqlayıb.

Polis Timuru tutmaq üçün Misirin səlahiyyətli orqanları ilə əlaqə saxlayıb. Həmçinin, yazarla oğlunun ölkədən qaçarkən görüntüləri yayılıb. 

Məsələ ilə bağlı Eylem açıqlama yayıb:

“Əvvəla, bütün bu hadisələrə görə nə qədər təəssüfləndiyimi, nə qədər qorxduğumu, təşvişə düşdüyümü bildirmək istəyirəm. Qəza haqqında danışmaq məndən və ailəmdən əvvəl zərərçəkənlər və onların ailələri üçün kədərli olacaq. Bununla belə, oğlumun həmin gün bizim xəbərimiz olmadan avtomobilimlə yola çıxmasına görə məsuliyyət daşıdığımı qəbul edirəm.

Bir ana olaraq bu vəziyyətin baş verməməsi üçün bütün lazımi tədbirləri görməli idim. Amma təəssüf ki, yazılanların hamısı doğru deyil, oğlum hadisədən sonra qaçmayıb, əksinə, kömək üçün hadisə yerinə gələn insanlarla birgə təcili yardım çağırıb. Amma mən hadisənin sonrasından qorxdum.

Yalan danışa bilmirəm, bir ana olaraq oğlumu döyüləcəkmi, yoxsa başına bir pis iş gətirələcəkmi düşüncələri ilə onu xarici ölkəyə qaçırtmaq istədim. Ölkəni tərk edəndən sonra boşanmış olduğum, oğlumun atası Bülentlə əlaqə saxlayaraq yaralılarla maraqlanmasını istədim.

Biz xaricə gedəndə bir yaralının öldüyünü belə bilmirdik. Bunu öyrənəndə isə, bəli, nə etsək də bu ağrı sözlə ifadə oluna bilməz, ancaq dərhal ailə ilə əlaqə saxlamağa çalışdıq. Timur isə hadisə baş verən andan hər gün "Xahiş edirəm, Türkiyəyə qayıdaq, nə cəzam varsa çəkim, bir ailəni məhv etdim” deyərək ağlayır. Onun heç vaxt burada qalmaq və ya bu ittihamlardan yayınmaq fikri olmayıb.

Amma analıq instinkti, xahiş edirəm, məni də anlayın. Hadisə yerində insanların telefonlarını toplamamışam, bu doğru deyil. Çox üzr istəyirəm. Oradakı uşaqların hamısı bizim uşaqlarımızdır, qəzada ölən qardaşımızın ailəsi də bizim ailəmizdir. Qayıdıb doğru olanı edib ədalətə təslim olacağıq. Mən həm öz adımdan, həm də oğlumun adından bütün ictimaiyyətdən səmimi qəlbdən üzr istəyirəm".