Moskvanın Xamovniçeski Rayon Məhkəməsi “Rostec işi” üzrə hökm çıxarıb.
Axşam.az xəbər verir ki, məhkəmə “Tatler” qəzetinin keçmiş baş redaktoru Arian Romanovskini, rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçakın kommersiya direktoru Kirill Suxanovu və jurnalist Tamerlan Biqayevi "Rostec"in rəhbəri Sergey Çemezovdan 11 milyon rubl tələb etməkdə təqsirli bilib. Belə ki, adıçəkilənlər Sergeyi şantaj edərək, əllərində onunla bağlı materiallar olduğunu bildiriblər. Onlar materialların dərc olunmaması üçün pul istəyiblər.
Məhkəmə sonda Suxanova 7,5 il, digərlərinə isə 7 il müddətinə ciddi rejimli koloniyada çəkmək şərti ilə həbs cəzası verib.
İş başlayandan adıçəkilənlərə dəstək olan Kseniya Sobçak isə prosesdə iştirak etməyib. Cəzalandırılanlar təqsirli olduqlarını etiraf etməyib və Kseniya Sobçakın göstərişlərini əmək müqaviləsi çərçivəsində həyata keçirdiklərini iddia ediblər.