88 yaşlı fransız aktyoru Alen Delonun villasında silah-sursat aşkarlanıb.
Axşam.az xəbər verir ki, məhkəmə tərəfindən icazə verilən axtarış tədbiri nəticəsində aktyorun malikanəsindən 72 odlu silah və 3 mindən çox patron aşkar edilərək götürülüb.
Buraya atıcı silahlar, xüsusilə A və B kateqoriyaları və kolleksiya silahları daxildir. Lakin A.Delon odlu silah saxlamasına dair icazə almayıb.
Hazırda aktyorun qanunsuz silah əldə etməsi və saxlaması yoxlanılır. Polislər villanın ərazisində atış tiri də aşkar ediblər.
Villada axtarış sənətçinin ailəsindəki münaqişə və səhhəti ilə bağlı narahatlıqla bağlı növbəti araşdırmaya başlandıqdan sonra aparılıb.
Xatırladaq ki, yanvarda Delon məhkəmə nəzarəti altına alınıb və əmlakı ilə bağlı qərar vermək haqqı da daxil olmaqla bir sıra hüquqları məhdudlaşdırılıb.
Qeyd edək ki, Delonun sağlamlıq durumu son vaxtlar ailə üzvləri və yaxın ətrafı arasında mübahisə obyektinə çevrilib. Aktyorun kiçik oğlu Alen-Fabien atasının məlumatsızlığından və zəifliyindən sui-istifadə etdiyi iddia edilən bacısı Anuşkadan şikayət etdikdən sonra prokurorluq ilkin araşdırmaya başlayıb.
Delonun yoldaşı Hiromi Rollin də öz növbəsində prokurorluğa məktub yazaraq, onun uşaqlarını aktyoru qəsdən öldürməyə cəhddə ittiham edib.
A.Delon daha əvvəl evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəldiyini açıqlayıb.